Hibrid avtomobillərə tələbin artması gözlənilir

2021.11.22 14:17 (UTC+04:00)

Gələn ildən Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdən biri də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının növbəti 3 ildə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsidir. Bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib.

Bildirib ki, dəyişikliklərdə yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışının da ƏDV-dən azad edilməsi nəzərdə tutulub. Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur.

V.Bayramovun sözlərinə görə, sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalmalar gözlənilir: “Belə ki, ƏDV-dən azad olma onların xərcinin orta hesabla 18 faiz azalmasına səbəb olacaq. Hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq, həmin maşınların qiymətlərində azalmaların olacağı qacılmazdır. Söhbət təbii ki, son 3 ildə istehsal olunan avtomobillərdən gedir. Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə də tələbin artmasına gətirib çıxaracaq”.

Elektrik mühərrikli avtomobillərin vergidən azad olunmasını müsbət hal kimi qiymətləndirən millət vəkili bu ölkəmizdə həmin avtomobillərdən istifadəyə marağın artacağını qeyd edib.