Azərbaycan və Rusiyanın iqtisadi əməkdaşlığına həsr edilmiş ikigünlük biznes-missiya başa çatıb

2021.11.18 13:11 (UTC+04:00)

Noyabrın 17-də “Baku Marriott Hotel Boulevard” otelində “Rossiyskiy Eksportnıy sentr” (RES) Səhmdar Cəmiyyəti və Rusiyanın Sənaye və Ticarət Nazirliyi tərəfindən təşkil edilmiş ikigünlük biznes-missiya işə başlayıb.

Biznes-missiyada 31 Rusiya şirkəti, habelə Azərbaycanı təmsil edən 36 əsas şirkət və idarə iştirak edib. Rusiyalı ixracatçılar rəqəmsal şəhər formatında urbanistika və şəhərsalma sahələrində öz xidmətlərini və məhsullarını təqdim ediblər.

Tədbirin ikinci günündə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin inkişaf potensialının təqdimatı olub. Təqdimatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı departamentinin direktor müavini Vüsal Qarayev keçirib. V.Qarayev işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın sürətlə bərpasının dəstək mexanizmlərinin tətbiq edilməsinin, təbii ehtiyatların təsərrüfat dövriyyəsinə cəlb edilməsinin, ticarət, logistika və servis zonaları yaradılmasını, yaşıl energetika zonası salınmasını və Qarabağı beynəlxalq turizm mərkəzinə çevirməyin əhəmiyyətini vurğulayıb. İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhərlər” və “Ağıllı kəndlər” yaratmağın vacibliyi xüsusi qeyd edilib. Bildirilib ki, infrastrukturun inkişafı Qarabağ regionunu yeni nəqliyyat-logistika qovşağına çevirməyə gətirib çıxaracaq. Qeyd edilib ki, Füzuli və Zəngilanda beynəlxalq aeroportların fəaliyyəti bu prosesə kömək edəcək.

V.Qarayev Kəlbəcər rayonunda faydalı qazıntılar hasilatının vacibliyini qeyd edərək bildirib ki, bu, azad edilmiş ərazilərin iqtisadi inkişafına təkan verəcək. Qarabağın turizm potensialından bəhs edilərkən qədim Azərbaycan şəhəri Şuşanın gələcək turizm habı kimi rolu xüsusi vurğulanıb. V.Qarayev tədbir iştirakçılarını işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi barədə məlumatlandıraraq bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası 2030-cu ilə qədər Azərbaycanın əsas vəzifələrindən biridir.

Sonra RES nümayəndəsi Alyona Yudina bu təşkilatın fəaliyyəti və təqdim etdiyi xidmətlər barədə onlayn formatda söhbət açıb. O bildirib ki, Rusiya ixrac kreditlərinin və investisiyaların sığortalanması agentliyi (“EKSAR” SC), “Roseksimbank” SC və “Şkola eksporta” avtonom qeyri-kommersiya təşkilatının daxil olduğu RES qrupu ixrac prosesinin müxtəlif mərhələlərində (əmtəə və xidmətlər ixracı ideyasından başlamış alıcıya çatdırılmış əmtəə və xidmətlərin haqqının alınmasının təmin edilməsinə qədər) müxtəlif profilli ixracatçıların tələbatına uyğun məhsullar təklif olunmasını təmin edəcəkdir.

Sonda A.Yudina Azərbaycan şirkətlərini və banklarını fəal əməkdaşlığa dəvət edib.