Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində Xızıda sahibkarlarla görüş keçirilib

2021.11.18 11:04 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlıq subyektləri ilə növbəti görüş Xızı şəhərində keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin, KOBİA-nın Abşeron regional koordinatorluğunun və KOB İnkişaf Mərkəzinin, Sahibkarlığın İnkişafı Fondunun, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, müvəkkil kredit təşkilatlarının nümayəndələri, eləcə də 20-dən çox sahibkarlıq subyekti iştirak edib.

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş görüşdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə, yeni subsidiya qaydalarına və bu sahədə görülən işlərə, biznes subyektlərinin maliyyə resurslarına çıxışına, kadr potensialının gücləndirilməsinə və digər məsələlərə dair müzakirələr aparılıb.

Görüşdə həmçinin, sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Sahibkarlara maliyyə resurslarına çıxışla bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin və İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərindən istifadə olunması, sahibkarların biznesyönümlü təlim və məsləhət xidmətləri üçün Abşeron KOB İnkişaf Mərkəzinə müraciət edə biləcəkləri tövsiyə olunub.