SOCAR-ın istiqrazları üzrə üçtərəfli marketmeyker müqaviləsi bağlanılıb

2021.11.17 18:19 (UTC+04:00)

Bakı Fond Birjası (BFB) ilə “PSG Kapital İnvestisiya Şirkəti” QSC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istiqrazları üzrə üçtərəfli marketmeyker müqaviləsi bağlanılıb.

BFB-dən bildirilib ki, noyabrın 16-dan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istiqrazlarının anderrayteri olmuş “PSG Kapital İnvestisiya Şirkəti” QSC həm də istiqrazların təkrar bazarda SOCAR tərəfindən təyin olunmuş marketmeykeri olmaqla, onların BFB-də təkrar bazarda likvidliyini təmin edir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti birja üzvü olan “PSG Kapital İnvestisiya Şirkəti” QSC vasitəsilə istiqrazlar üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürüb. İnvestorlar tərəfindən təkrar bazarda satışa çıxarılan istiqrazlar tam həcmdə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təmin olunacaq.

Qeyd edək ki, noyabrın 1-də Bakı Fond Birjasında SOCAR-ın tədavül müddəti 5 təqvim ili olan AZ2002019894 dövlət qeydiyyat nömrəli, 100 milyon dollar həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. Noyabrın 2-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istiqrazları BFB-nin ticarət platforması vasitəsilə təkrar bazarına start verilib.