Deputat: Davamlı büdcə siyasəti nəzərdə tutulan yeni inkişaf strategiyalarının həllində dayanıqlı ola bilər

2021.11.17 17:37 (UTC+04:00)

2022-ci ilin dövlət büdcəsi bu həftə Milli Məclisdə geniş müzakirə olunur. Maliyyə naziri, iqtisadiyyat naziri, Mərkəzi Bankın sədri və Hesablama Palatası sədrinin Parlamentin plenar iclasında 2022-ci ilin dövlət büdcəsinin təqdimatı zamanı real və iqtisadi əsaslandırmaları növbəti il üçün dövlət büdcəsinin təsdiqini sürətləndirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin deputat Məzahir Əfəndiyev deyib.

O qeyd edib ki, ilk dəfə olaraq Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş xərclər 30 milyard manatdan artıq təşkil edir. Eyni zamanda, dövlət büdcəsindən işğaldan azad olunmuş doğma Qarabağımızın bərpa və yenidən qurulması istiqamətində 2 milyard manatdan artıq maliyyə vəsaitinin istifadə olunması nəzərdə tutulub. Təhsil, səhiyyə, sosial xərclərə ayrılan vəsaitin ötən 2021-ci illə müqayisədə artırılması qeyri-müəyyən postpandemiya xərclərinin də əlaqələndirilməsində müsbət nəticələrin əldə olunmasına şərait yaradır. Bu gün dünyanın üzləşdiyi COVID-19 pandemiyasının aradan qaldırılması üçün tətbiq olunan məhdudiyyətlər, habelə əhalinin sağlamlığının qorunması, ölüm hallarının azalmasına yönələn sərt tədbirlər qlobal dünya iqtisadiyyatında öz mənfi təsirləri ilə müşahidə olunur. Belə ki, növbəti ildə dünyada işsizlik səviyyəsinin artması, istehsal həcminin bazar şərtlərinə uyğun olmaması qida və digər məhsullarda qiymət artımı kimi mənfi tendensiyalarla proqnozlaşdırılır. Bu məsələlərin müzakirəsi G7, G20 ölkələrinin zirvə toplantılarında nəzərdən keçirilir, dünya iqtisadiyyatının bərpası və problemlərin həlli istiqamətində qərarlar, zərflər hazırlanır. Bu müzakirələrdən biri də mənim Azərbaycan Respublikasının Milli Məclisini təmsil edərək iştirak etdiyim 2021-ci il Virtual Qlobal Parlamentlərarası Forumda 140-dan çox ölkədən olan parlamentarilərin Beynəlxalq Maliyyə Təşkilatlarında hesabatlılığın, şəffaflığın və çoxtərəfli inkişafın maliyyələşdirilməsi üçün bir araya gəldikləri Dünya Bankı və Beynəlxalq Valyuta Fondu üzrə Parlament Şəbəkəsi platformasında aparılıb. Dünya iqtisadiyyatını daha yaxşı bərpa etmək üçün Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən xüsusi zərflər mövcuddur ki, bunlar da əsasən iki istiqaməti özündə ehtiva edir: Birincisi, COVID-19 pandemiyası ilə mübarizədə vaksinləşmə prosesinin sürətlənməsidir. Dünya əhalisinin 80 faizi vaksinləşməlidir. İkincisi, dünya iqtisadiyyatının təcili bərpası, zəif, ehtiyacı olan dövlətlərə maliyyə vəsaitinin ayrılması və hərtərəfli köməyin göstərilməsidir.

“Noyabrın 16-da Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlamentlərarası Forum platforması çərçivəsində Xüsusi Borcalma Hüquqları Sammiti keçirilməkdədir və burada məqsəd dövlətlərin qlobal çağırışlara dair milli fəaliyyət proqramlarına uyğun ehtiyaclarının təmin olunmasında əsas hədəfləri nəzərdən keçirməkdir.

Bu gün Prezident İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşmasına, habelə postmüharibə dövrünün zəruri sosial siyasəti əhatə edən (proqramların, layihələrin), ümumilikdə iqtisadiyyatın dayanıqlılığını təmin etmək məqsədilə verdiyi bütün tapşırıqlar hökumətin aidiyyəti qurumları tərəfindən ciddi araşdırılaraq müxtəlif sahələri əhatə edən İnkişaf Konsepsiyaları hazırlanır. Bu kontekstdə Azərbaycanın da qoşulduğu “Dayanıqlı İnkişaf Məqsədləri” adlı universal sənədin əsasında 2030-cu il üçün Sosial-iqtisadi İnkişaf Konsepsiyasının hazırlanması əsas prioritetlərdəndir. Qiymət artımının qarşısının alınması, əhalinin gəlirlərinin artırılmasına dair strateji sənədlərin hazırlanması da hökumətin vizionunda əsas hədəflərdəndir”, - deyə deputat diqqətə çatdırıb.

M.Əfəndiyev deyib: “Xüsusi olaraq 2022-ci ilin dövlət büdcəsində əməkhaqlarının, təqaüdlərin, müavinətlərin və sair artımına dair maliyyə vəsaitinin nəzərdə tutulması ölkə iqtisadiyyatının tam nəzarətdə olmasının göstəricisidir. Beynəlxalq təşkilatların da Azərbaycan iqtisadiyyatı üçün verdikləri proqnozlar onu sübut edir ki, 2022-ci il üçün milli iqtisadiyyatımız 4-4,5 faiz artacaq. Ümumilikdə Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl idarəçilik, hökumət tərəfindən həyata keçirilən qabaqcıl tədbirlər, postpandemiya çağırışlarının diqqətlə nəzərdən keçirilməsi, dövlət büdcəsinin formalaşmasında monetar və fiskal siyasətlərin həssaslıqla icrası 2022-ci ildə nəzərdə tutulmuş İnkişaf Konsepsiyalarının hazırlanmasını mümkün etməklə ölkə iqtisadiyyatının dayanıqlılığını təmin edə bilər”.