2022-ci ildə orta aylıq əməkhaqqının 807 manat olacağı proqnozlaşdırılır

2021.11.17 12:17 (UTC+04:00)

Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il üçün gəlir və xərcləri bərbər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin Fondun büdcə göstəricisindən 429 milyon manat və ya 8,8 faiz çoxdur. Fondun gəlirlərinin strukturuna nəzər salarkən qeyd etməliyik ki, gəlirləri 78,2 faizi məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 21,6 faizi isə dövlət büdcəsindən balanslaşdırılma məqsədilə ayrılan vəsait hesabına təmin ediləcək.

Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 2022-ci il dövlət büdcəsinin müzakirəsi ilə bağlı parlamentin noyabrın 17-da keçirilən iclasında deyib.

O bildirib ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,5 faizi qeyri-büdcə sektorunun, 40,5 faizi isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin olunacaq. Növbəti ildə büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirlərin artım tempi 25 faiz, qeyri-büdcə sektorunda isə 14,5 faiz təşkil edəcək. Gəlirlərin artımı orta aylıq əməkhaqqının artımı ilə şərtləndirilir. Orta aylıq əməkhaqqının cari ilin sonuna 742 manat təşkil edəcəyi, növbəti ildə isə 65 manat və ya 8,7 faiz artaraq 807 manat olacağı proqnozlaşdırılır.