On ayda 175,6 milyon manatlıq kompüter, elektron və optik məhsullar istehsal edilib

2021.11.16 18:23 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında kompüter, elektron və optik məhsulların istehsalı artıb.

Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, 10 ay ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 175,6 milyon manatlıq məhsul istehsal olunub. 2020-ci ilin müvafiq ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 5,5 faiz, elektrik avadanlıqlarının istehsalı isə 8,7 faiz artıb.

Hesabat dövründə ötən ilin yanvar-oktyabr aylarına nisbətən stolüstü kompüterlərin istehsalı 4,4 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 2,2 dəfə, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 39 faiz, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 68,4 faiz çoxalıb.