“Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik” təsdiqlənib

2021.11.16 17:35 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkədə rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi, ödəniş ekosistemində innovativ, sürətli və təmassız ödəniş həllərinin aktiv tətbiqi və onlar arasında qarşılıqlı inteqrativliyin təmin edilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.

AMB-dən bildirilib ki, bu istiqamətdə aparılan işlər çərçivəsində Azərbaycan Respublikası ərazisində QR kod vasitəsilə təqdim olunan ödəniş xidmətlərinin effektivliyinin artırılması, habelə qarşılıqlı uyğunluğun təmin edilməsi məqsədilə “Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik” hazırlanaraq Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilib.

Metodoloji Rəhbərlik bir çox aparıcı ölkələrin təcrübələri, həmçinin Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyasının təklifləri nəzərə alınmaqla hazırlanıb. Eyni zamanda, Azərbaycan Respublikasında ümumi istifadə üçün nəzərdə tutulan QR kodun tərtibatı ödəniş sahəsi üzrə nüfuzlu “EMVco” təşkilatının təsərrüfat subyekti tərəfindən təqdim olunan QR kod üzrə standartlara uyğunlaşdırılıb.

Metodoloji Rəhbərlikdən irəli gələn tövsiyələrin tətbiqi ölkədə banklar və bank olmayan ödəniş təşkilatları tərəfindən təqdim olunan QR ödənişlərinin standartlaşdırılmasını, təmassız ödənişlərin genişlənməsini və bununla da iqtisadi subyektlər üçün daha əlverişli ödəniş həllərinin təqdim olunmasını təmin edəcək.