Büdcə kəsirinin maliyyələşmə strukturunda vahid xəzinə hesabı qalığının əsas paya sahib olması makroiqtisadi və inflyasiya hədəflərinə nail olmağa mane ola bilər.
Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov 2022-ci il dövlət büdcəsinin müzakirəsi ilə əlaqədar parlamentin noyabrın 16-da keçirilən iclasında deyib.
“2022-ci il dövlət büdcəsi layihəsinə Mərkəzi Bankın yeganə qeydi büdcə kəsiri və onun maliyyələşməsi strukturu ilə bağlıdır. Nəzərdə tutulan büdcə kəsirinin 40 faizdən yuxarısının vahid xəzinə hesabının qalığı hesabına maliyyələşməsi proqnozlaşdırılan makroiqtisadi hədəflərə və ilk növbədə, inflyasiya hədəflərinə nail olmağa mane ola bilər", - deyə Mərkəzi Bankın sədri bildirib.
Onun sözlərinə görə, milli iqtisadiyyatda inflyasiyaya xarici təsirlər güclənib. İnflyasiyanın sürətlənməsində xarici amillər mühüm rol oynayır. Qeyd edib ki, Mərkəzi Bankın hədəflərindən biri inflyasiya səviyyəsini sabit idarə etməkdir. Növbəti ilin ortalarından başlayaraq inflyasiyanın sürəti aşağı düşəcək. Qlobal inflyasiyanın səngiməsi onun milli inflyasiyaya təsirini də azaldacaq.