Son beş ildə təhsil xərclərinin təxminən iki dəfə artımı təmin edilib

2021.11.16 14:50 (UTC+04:00)

Növbəti ilin təhsil xərclərinə 3 milyard 884 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu, cari illə müqayisədə 607 milyon manat və ya 18,5 faiz çoxdur.

Bu sözləri Milli Məclisin noyabrın 16-da keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 13 faiz olmaqla, 2021-ci ilə nisbətən 1,5 faiz çox olacaq. 2022-ci ildə təhsil sahəsinə investisiya xərcləri nəzərə alınmadan təhsil üzrə xərcləri ümumi daxili məhsulda xüsusi çəkisi 4,5 faizə çatacaq. Mütləq ifadə ilə son 5 ildə təhsil xərclərinin təxminən 2 dəfə artımı təmin edilib. Bununla yanaşı, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə təhsil sahəsinə həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 996 milyon manat məbləğində vəsait yönəldilib.