Danimarka transmilli qruplar üçün minimal verginin və vahid vergi bazasının müəyyənləşdirilməsinə tərəfdardır

2019.04.01 19:21 (UTC+04:00)

Danimarkanın maliyyə naziri Kristian Yensen özünün "Twitter" hesabında bəyan edib ki, hakimiyyətdə olan "Vestre" Partiyası transmilli şirkətlərin mənfəətlərindən qlobal səviyyədə minimal vergi tutulmasını, eləcə də vahid korporativ vergi bazasının müəyyənləşdirilməsini dəstəkləyir. Nazirin sözlərinə görə, hökumət həm ümumi bazanın, həm də minimal dərəcənin müəyyənləşdirilməsinə tərəfdarıdır: "Beynəlxalq korporativ vergi beynəlxalq siyasi əməkdaşlıq tələb edir. Düşünürük ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) iri rəqəmsal şirkətlər üçün qərarı minimal dərəcənin müəyyənləşdirilməsinə zəmin yaradır".

Qeyd edək ki, 128 ölkəni bir araya gətirən "BEPS üçün inklüziv əsas" 2020-ci ilə qədər transmilli şirkətlərin mənfəətlərinin vergiyə cəlb olunmasının tənzimlənməsində yeni qaydaların qəbul edilməsi üçün konsensusa nail olmağı nəzərdə tutur. Bu təşəbbüsün əsas məqsədi transmilli şirkətlərin, xüsusi olaraq da rəqəmsal sektorda fəaliyyət göstərən şirkətlərin vergidən yayınmasının qarşısını almaqdır.