Samir Şərifov: Son 5 ildə əməyin ödənişi xərcləri 3 milyard 685 milyon manat və ya 1,8 dəfə artıb

2021.11.16 14:01 (UTC+04:00)

Sosialyönümlü xərclər gələn ilin dövlət büdcəsinin başlıca prioritetləri sırasındadır. Sosialyönümlü xərclərinin həcmi təxminən 46,4 faizə yüksələcək, onların məbləği 13 milyard 851 milyon manata çatdırılacaq. Bu xərclərin 60 faizinə yaxın hissəsi əməyin ödənişi xərclərinə yönləndiriləcək. Bu, cari illə müqayisədə 22,7 faiz və yaxud 1 milyard 500 milyon manata əlavə vəsait deməkdir. Son 5 ildə əməyin ödənişi xərcləri 3 milyard 685 milyon manat və ya 1,8 dəfə artıb.

Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2022-ci ilin dövlət büdcəsində əməkhaqlarının, əmək pensiyaları və sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərin artırılması ilə bağlı xərclər daxil edilib. Bu məqsədlə dövlət büdcəsində 1 milyard 441 milyon manat məbləğində maliyyə təminatı yaradılıb. Dövlətin daim prioritet vəzifələri sırasında olmaqla əhalinin rifahının yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin azaldılması, bir sözlə, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi xərcləri 3 milyard 566 milyon manat təşkil edəcək.