KOBİA Qlobal Sahibkarlıq Həftəsinə dair tədbirə qatılıb

2021.11.16 11:10 (UTC+04:00)

“Mikro, kiçik və orta sahibkarlıq müasir iqtisadiyyatların hərəkətverici qüvvəsidir və bütün dünyada KOB-ların milli iqtisadiyyatlarda rolunun artırılması istiqamətində tədbirlər həyata keçirilir. KOBİA-nın fəaliyyətinin başlıca məqsədi də KOB-ların inkişafına, iqtisadiyyatda və məşğulluqda rolunun artırılmasına dəstək göstərməkdir”. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ABŞ-ın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə keçirilmiş Qlobal Sahibkarlıq Həftəsi ilə bağlı tədbirdə qeyd edib.

Agentlik tərəfindən göstərilən dəstək və xidmətlər barədə məlumat verən KOBİA sədri KOB-ların biznes biliklərinin artırılması, bazarlara, maliyyə resurslarına, “G2B” və “B2B” xidmətlərə çıxışının yaxşılaşdırılması istiqamətində Agentliyin dəstək mexanizmlərini, həmçinin KOB-ların rəqəmsallaşdırılması və sosial sahibkarlıq fəaliyyəti ilə bağlı görülən işləri diqqətə çatdırıb. Qeyd olunub ki, artıq mikro və kiçik sahibkarlara 25 “Startap” şəhadətnaməsi verilib. Sahibkarlara vahid məkanda – KOB evlərində 100-dən çox dövlət-biznes və biznes-biznes xidmətləri göstərilir və yaxın zamanlarda “e-KOB evi” portalı da fəaliyyətə başlayacaq. Sahibkarların biznes biliklərinin artırılması üçün onlara informasiya və məsləhət xidməti göstərən KOB inkişaf mərkəzlərinin sayı 21-ə çatıb və bu ilin birinci yarısında KOBİM-lər tərəfindən 9 mindən çox sahibkarlıq subyektinin və startapın iştirakı ilə 500-dən çox təlim təşkil olunub.