İqtisadiyyat Nazirliyi: Zəfər gününə həsr olunmuş minifutbol turnirinə yekun vurulub

2021.11.15 10:03 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Anım Gününə və şanlı Qələbəmizin ildönümünə həsr olunmuş “Zəfər kuboku” minifutbol turniri başa çatıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, sentyabrın 25-də start verilmiş turnirdə İqtisadiyyat Nazirliyi Aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumların 45 komandası iştirak edirdi. Noyabrın 13-də keçirilən final görüşündə Dövlət Vergi Xidmətinin Aparatı ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı ərazi idarəsinin komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı ərazi idarəsinin komandası qalib gəlib. Çempionatda ilk 3 yeri tutan komandalara və nominasiyalar üzrə fərqlənən idmançılara fəxri fərman, pul mükafatı və hədiyyələr, çempionatın qalibinə isə kubok və pul mükafatı təqdim edilib.