Postmüharibə dövründə 33 min nəfərə 41 min sosial dəstək xidməti göstərilib

2021.11.12 18:28 (UTC+04:00)

Postmüharibə dövründə ümumilikdə 33 min nəfərə 41 min sosial dəstək xidməti göstərilib. Ötən müddətdə 10 min nəfərdən çox vətəndaşa sosial ödənişlər təyin edilib.

Bu barədə məlumat Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il üzrə büdcə layihəsində əksini tapıb.

Məlumata əsasən, postmüharibə dövründə 8 min nəfərin məşğulluq məsələsi həll edilib və 158 hərbçi 166 sayda son nəsil protezlə, mindən çox müharibə əlili 10 min reabilitasiya vasitəsi ilə təmin olunub. 10 min nəfərə sosial-psixoloji, 1650 qaziyə isə reabilitasiya xidməti göstərilib.

Vətən müharibəsi başa çatdıqdan sonra, həmçinin mənzil təminat proqramı da 5 dəfə genişləndirilib. Nəticədə 10 ay ərzində hədəf qrupu olan vətəndaşlara 2 min 300 mənzil verilib.

Vahid Əlaqələndirmə Mərkəzlərində isə 3 min nəfərə xidmət göstərilib.