İşsizlikdən Sığorta Fondunun 2022-ci il üzrə yekun xərcləri 180, 4 milyon manat nəzərdə tutulub

2021.11.12 17:59 (UTC+04:00)

İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcə layihəsinə əsasən, yekun xərclər 180, 4 milyon manat nəzərdə tutulub.

Bu barədə məlumat İşsizlikdən Sığorta Fondunun 2022-ci il üzrə büdcə layihəsində əksini tapıb.

Məlumatda qeyd olunub ki, növbəti ildə işsizliyə görə sığorta ödənişlərinə 8,5 milyon, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 9 milyon, özünüməşğulluq tədbirlərinin təşkili xərcləri 76, 1 milyon, haqqı ödənilən ictimai işlərin təşkilinə 2, 5 milyon, sosial iş yerlərində əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsinə 3 milyon, əmək yarmarkalarının və əmək birjalarının təşkilinə 1 milyon, peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 2 milyon, peşə standartlarının hazırlanması xərclərinə 1 milyon manat vəsait ayrılması planlaşdırılıb.

Büdcə layihəsinə əsasən, həmçinin Dövlət Məşğulluq Agentliyinin və yerli orqanların saxlanma xərclərinə 40,8 milyon, DOST Agentliyinin fəaliyyətinin təşkilinə 30 milyon, Milli Observatoriyanın saxlanmasına 3 milyon, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün əlavə iş yerlərinin yaradılmasına 1 milyon, ixtisaslaşdırılmış müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə 1,5 milyon və qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv tədbirlərə isə 1 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.