İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişlənəcək

2021.11.12 17:30 (UTC+04:00)

2022-ci ildə işsizliyə görə sığorta ödənişlərinə ayrılan büdcənin məbləği 8.5 milyon manat nəzərdə tutulub. Bu, 2021-ci ilin gözlənilən göstəricisi ilə müqayisədə 3,9 milyon manat çoxdur. Yəni, 2021-ci illə müqayisədə, ayrılan vəsaitin əlavə 2 min nəfər vətəndaşa aid edilməsi proqnozlaşdırılır.

Bu barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci il üzrə büdcə layihəsində əksini tapıb.

Məlumatda qeyd olunub ki, vəsait ayrılarkən qanuna dəyişikliyə əsasən, sığorta hadisəsinin baş verməsindən sonra gözləmə müddətinin və staj tələbinin azalması nəticəsində işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin daha da genişlənəcəyi nəzərə alınıb.

Həmçinin qeyd olunub ki, 2022-ci ildə peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinə 9 milyon manat vəsait ayrılıb.

Yeni adambaşına maliyyələşmə mexanizminə keçid peşə hazırlığının özəl sektora daha çevik sifarişin verilməsi və keyfiyyətin artırılmasına imkan verəcək. Mövcud peşə hazırlığı təlimlərində və özəl sektorda il ərzində 4 min 200-dən çox müdavim hazırlığı, o cümlədən 1000 nəfərə İSO sertifikatının verilməsi nəzərdə tutulub.