Publik hüquqi şəxslərin və dövlət müəssisələrinin büdcədən asılılığı ortamüddətli dövr üçün dövlət maliyyəsi üzrə riskdir

2021.11.12 14:00 (UTC+04:00)

Hesablama Palatası publik hüquqi şəxslərin və dövlət mülkiyyətində olan müəssisələrin büdcədən asılılığını ortamüddətli dövr üçün dövlət maliyyəsi üzrə risk kimi qeyd edir.

Palatadan bildirilib ki, növbəti ildə publik hüquqi şəxslər üzrə mənfəət vergisinin nəzərdə tutulmasına baxmayaraq, bu şəxslər üzrə birbaşa dövlət büdcəsində əks etdirilən xərclərin həcmi əhəmiyyətli olaraq qalmaqla əvvəlki ilə nisbətən artımla proqnozlaşdırılıb. Bundan başqa, dövlət müəssisələrinə dövlət büdcəsindən maliyyə yardımı, subsidiya və digər istiqamətlərdən xərclərin ayrılmasının davam etdirilməsi (bəzi hallarda saxlanılma və cari əməliyyat xərcləri də daxil olmaqla) proqnozlaşdırılır ki, bu da dövlət büdcəsi üçün risk yaradan amillərdəndir. 2022-ci ilin dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində publik hüquqi şəxslərə və dövlət müəssisələrinə dövlət büdcəsindən vəsaitin ayrılmasının xəzinədarlığın müşayiəti ilə həyata keçirilməsi və publik hüquqi şəxslər üzrə dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsi təklif edilib.