Gələn il Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 3,1 faizlik artım planlaşdırılır

2021.11.11 16:24 (UTC+04:00)

Azərbaycanda ardıcıl olaraq sosialyönümlü siyasət həyata keçirilir və aparılan işlərin, qəbul edilən qərarların mərkəzində Azərbaycan vətəndaşı durur. Azərbaycan Prezidentinin siyasətinin ana xəttini ölkə vətəndaşının sosial rifahı təşkil edir. Son iki ildə sosial ödənişlər üzrə xərclərin 60 faiz artması bu siyasətin bariz nümunəsidir.

Bu sözləri “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, pensiya xərcləri son illər ərzində 48 faiz artıb. Son 3 il ərzində ölkədə minimum pensiyalar artırılıb. Belə ki, əlilliyə görə 60 faiz, ailə başçısını itirməyə görə 75 faiz, ünvanlı sosial yardım isə 81 faiz artırılıb, minimum pensiya 110 manatdan 200 manata çatdırılıb.

O, həmçinin bildirib ki, gələn il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsində 3,1 faizlik artım planlaşdırılır. Ümumilikdə gələn il üçün həm gəlirlər, həm də xərclər baxımından DSMF-nin büdcəsi artırılır.