Filippin Maliyyə İdarəsinin katibi Karlos Dominqes gəlirlərin yeni reqlamentini təsdiqləyib. Bu sənədə əsasən, vergilərin elektron qaydada gec ödənilməsinə və ya ödənilməməsinə görə vergi ödəyicilərinin özləri deyil, banklar məsuliyyət daşıyırlar. Bu addım özüməşğul şəxslərin, eləcə də mikro, kiçik və orta müəssisələrin sahiblərinin vergiödəmə proseslərini sadələşdirmək məqsədilə atılıb. Yeni qaydaya əsasən, kredit kartları, debet kartları və ya bankomat vasitəsilə vergilərin ödənilməsi bankın səlahiyyətli agenti tərəfindən verilmiş təsdiq sistemində göründükdən sonra vergi ödəyicisi tərəfindən ödənilmiş sayılır. Bu halda pul köçürülməsinin gecikdirilməsinə və ya vergi idarəsinə çatdırılmamasına görə məsuliyyət agentin üzərinə düşür. Vergi idarəsi rəisinin müavini Antonette Tionko deyib ki, bu sistemin tətbiqi ağıllı yanaşmadır. Nəzərə almaq lazımdır ki, vergi ödəyicisinin ödənişlərin vergi idarəsinə köçürülməsi üzərində nəzarət etmək, eləcə də verginin ödənildiyi barədə əlavə təsdiqləyici sənəd almaq imkanı yoxdur.