Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) biznes sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədilə mikro, kiçik və orta sahibkarlıq sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatlarla əməkdaşlıq edir.
KOBİA-dan bildirilib ki, agentlik Kiçik Biznes üzrə Beynəlxalq Şuraya (ICSB) üzv qəbul edilib. 1955-ci ildən etibarən fəaliyyət göstərən və sıralarında 90-a yaxın ölkənin müvafiq qurumlarını birləşdirən ICSB beynəlxalq miqyasda kiçik biznesin böyüməsini və inkişafını dəstəkləyir, biznesin idarə edilməsi və sahibkarlığın inkişafı ilə bağlı yenilikləri təbliğ edir. KOBİA ICSB ilə KOB-lara dəstək sahəsində ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi, bu sahədə Azərbaycan təcrübəsinin digər təşkilatlara çatdırılması, təşkilata üzv olan digər qurumlarla əlaqələrin inkişafı və sair istiqamətlərdə əməkdaşlıq edəcək.