Beş illik sosial-iqtisadi inkişaf üçün strategiya artıq hazırlanıb. Sənəd Azərbaycan Prezidenti tərəfindən baxıldıqdan sonra büdcə siyasətində müəyyən dəyişikliklər edilə bilər.
Bu fikirləri maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisdə 2022-ci il üçün büdcə layihəsinin müzakirəsi zamanı deyib.
Maliyyə naziri diqqətə çatdırıb ki, 2022-ci il dövlət büdcəsi layihəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin davam etdirilməsi, məcburi köçkünlərin mərhələli şəkildə məskunlaşdırılması, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi öz əksini tapıb.
Nazirin sözlərinə görə, büdcə layihəsində vacib prioritetlərdən biri sosial layihələrdir. Sosial sahəyə ayrılan vəsaitin məbləği 13,5 faiz artırılacaq. Bunun 60 faizi əmək haqlarının ödənilməsinə yönəldiləcək. Sosial müavinətlərin, pensiyaların artırılması nəzərdə tutulub.
Samir Şərifov büdcə müzakirələrinin faydalı və konstruktiv olacağına ümid etdiyini bildirib.