On ayda qeyri-neft ixracının həcmində 42 faizədək artım olub

2021.11.10 16:58 (UTC+04:00)

Son dövrlərdə qeyri-neft sektorunun ixrac imkanlarının getdikcə artması iqtisadiyyatın şaxələnməsinin mühüm göstəricilərindən biridir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, 2021-ci ilin on ayında qeyri-neft ixracının həcmində 42 faizədək artım olub. Bu, ən yüksək tarixi göstəricidir. Cari il üzrə qeyri-neft ixracının həcminin 2,4 milyard dollar civarında olacağı gözlənilir. Bu dinamika qeyri-neft ixracının qeyri-neft ÜDM-də payının artmasını da şərtləndirir. Doqquz ayda bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz bənd artaraq 7,7 faizə çatıb. Eyni zamanda, 9 ayda qeyri-neft sənaye məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə artıb.