Gələn il özünüməşğulluq tədbirlərinin təşkilinə 76 milyon manat ayrılıb

2021.11.10 15:11 (UTC+04:00)

Gələn il üçün özünüməşğulluq tədbirlərinin təşkilinə 76 milyon manat ayrılıb. Bu da cari illə müqayisədə 7,5 milyon manat çoxdur.

Bu sözləri Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, növbəti ildə 16 500 ailədə kiçik ailə təsərrüfatının yaradılması planlaşdırılır. 10 min ailə işsizlikdən sığorta fondu, 6 min ailə Dünya Bankı, 500 ailə isə sosial tərəfdaşlarımız hesabına maliyyələşdiriləcək. Özünüməşğulluq proqramının genişləndirilməsi məşğulluq xidmətləri portfelinə ayrı bir dəstək verəcək. Digər aktiv məşğulluq tədbirləri çərçivəsində həm sosial iş yerlərində əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi, həm ictimai işlərin, əmək yarmarkalarının təşkili, peşə yönünə dair məsləhət xidmətləri və digər istiqamətlərə təqribən 8,5 milyon manat vəsait ayrılır. Bu proqramlar çərçivəsində 54 min nəfərə müvafiq peşə dəstəyi xidməti göstəriləcək.