Mikayıl Cabbarov: Cari ildə iqtisadi artım tempinin 5 faizdən çox olması gözlənilir

2021.11.10 14:47 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, cari ildə iqtisadi artım tempinin 5 faizdən çox olması gözlənilir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, qeyri-neft sektorunda iqtisadi artımın sürətlənməsinin mühüm təkanverici amillərindən biri də qeyri-neft sənayesidir. Cari ilin 9 ayında qeyri-neft sektorunda əlavə dəyər 20 faizədək artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin qeyri-neft sənayesinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 7,8 faizdən 8,5 faizə çatıb. Son illər hökumət tərəfindən sənaye zonalarının inkişafı sahəsində həyata keçirilən siyasət nəticəsində sənaye zonalarında istehsalın ölkə üzrə cəmi qeyri-neft sənayesi istehsalında xüsusi çəkisi 2017-ci ildəki 3,2 faizdən bu ilin 9 ayında 14,2 faizə yüksəlib.