2022-ci ildə sosialyönlü xərclər dövlət büdcəsinin ən başlıca xərclər prioritetləri sırasındadır. Gələn il bu xərclərin cari illə müqayisədə 1 milyard 649 milyon manat və yaxud 13,5 faiz artırılaraq 13 milyard 851 milyon manata çatdırılması nəzərdə tutulub.
Bu barədə maliyyə naziri Samir Şərifov noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, bununla da sosialyönlü xərclərin dövlət büdcəsinin xərclərinin tərkibində xüsusi çəkisi cari ilə nisbətən 3,6 faiz bənd artaraq 46,4 faizə yüksələcək. Sosialyönlü xərclərin 60 faizə yaxın hissəsi əməyin ödənişi xərclərinə yönəldiləcək. Gələn il bu istiqamətdə 8 milyard 97 milyon manat vəsait ayrılır. Bu isə cari illə müqayisədə 22,7 faiz və ya 1 milyard 496 manat əlavə vəsaitin ayrılması deməkdir. Əməyin ödənişi üzrə xərclər ümumi daxili məhsulun 9,4 faizi səviyyəsinə yüksələcək. Son 5 ildə əməyin ödənişi xərcləri 3 milyard 685 milyon manat və yaxud 1,8 dəfə artıb.