İslam maliyyə sistemi ilə bağlı kitab çap olunub

2021.11.05 16:23 (UTC+04:00)

İqtisadi Resursların Öyrənilməsi Mərkəzi “İslam maliyyə sistemi və alətləri” adlı kitabın təqdimat mərasimini keçirib. Kitabın müəllifi iqtisadçı, İslam bankçılığının elmi araşdırıcısı Ruslan Atakişiyevdir. Tədbirin keçirilməsində məqsəd dünyanın 102 ölkəsində tətbiq olunan İslam maliyyəsi, bankçılığı və sığortasına dair Azərbaycan dilində kitabın ictimaiyyətə tanıdılmasıdır.

Təqdimatın açılış hissəsində çıxış edən UNEC İslam maliyyə mərkəzinin tədqiqatçısı Əfqan Musayev bu sahədə aparılan araşdırmalar, rəsmi qurumlarla keçirilən müzakirələr barədə məlumat verib. Bildirib ki, İslamda iqtisadi münasibətlərin öyrənilməsi ilə bağlı ana dilində ədəbiyyatlara ehtiyac yaranıb. Bunu qarşılamaq məqsədilə yeni nəşr oxuculara təqdim edilib.

Kitabla bağlı fikirlərini bölüşən bank eksperti, iqtisadçı Xəyal Məmmədli ötən illərdə Azərbaycanda bəzi banklarda İslam bankçılığının lokal çərçivədə tətbiq edildiyini xatırladıb. Bu gün ölkəmizdə həmin maliyyə sisteminin tətbiqinə ciddi ehtiyac olduğunu vurğulayıb.

Maliyyə Nazirliyinin mütəxəssisi Gündüz Əliyev, eləcə də gənc sahibkarlar, tələbələr yeni kitabla bağlı fikirlərini bölüşüblər. Daha sonra “İslam Maliyyə Sistemi və Alətləri” kitabının müəllifi i.ü.f.d. Ruslan Atakişiyev özü, əsərin yazılması prosesi haqda danışıb, kitabda oxucularda maraq doğuracaq bəzi fikirləri paylaşıb.

Qeyd edək ki, təqdimat mərasimində sahibkarlar, tədqiqatçılar, müəllim, tələbə və məzunlardan ibarət oxucu kütləsi iştirak edib. Kitabda yer alan İslam bankçılığının əsas maliyyə alətləri, xidmətləri, İslam prinsipləri əsasında dövlət maliyyəsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.