KOBİA Dubay Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq edəcək

2021.11.04 14:28 (UTC+04:00)

Dubay şəhərində keçirilmiş Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dubay Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

AZPROMO-dan bildirilib ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq əlaqələr idarəsinin direktoru Ömər Xan imzalayıblar. Memorandum hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın təşviqini, ticarət və investisiya imkanları sahəsində qarşılıqlı məlumat, KOB-lara xidmətin göstərilməsi üzrə fəaliyyətin təşkili və idarə edilməsinə dair təcrübə mübadiləsini, KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə tədbirlərin təşkilini və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.