Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 82,8 faiz olub

2021.11.03 14:20 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artaraq 29,7 milyard manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, sənaye məhsulunun 75,1 faizi mədənçıxarma, 21,8 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 82,8 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,4 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,6 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında oktyabrın 1-nə 298,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 74,5 milyon manat məbləğində digər məhsullar da yer alıb.