Tütün məhsullarına tətbiq olunan aksiz dərəcələri artırılacaq

2021.11.03 13:46 (UTC+04:00)

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən tütün məhsullarına tətbiq olunan aksiz dərəcələrin artımı nəzərdə tutulur.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 3-də keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin idarə rəisi Nicat İmanov deyib.

O bildirib ki, layihəyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır. Eyni zamanda, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsinin 14 manata qaldırılması təklif olunur.

Nicat İmanov qeyd edib ki, nəzərdə tutulan dəyişikliyə görə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşir. Belə ki, şəhid olmuş şəxslərin ailə üzvləri əldə etdiyi maddi yardımın 10 min manatadək olan hissəsinin gəlir vergisindən azad olunacaqlar. Həmçinin Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsi, əldə olunan gəlirin vergidən azad olunması nəzərdə tutulur.

Qanun layihəsinə görə ofşor zonalarla bağlı da qanunvericiliyə dəyişiklik təklif edilir. Belə ki, hazırda hüquqi şəxslərdən ofşor zonalara köçürmələrlə bağlı 10 faizlik vergi nəzərdə tutulsa da, fiziki şəxslərə vergi tətbiq olunmur. Bu mənada fiziki şəxslərə də vergilərin tətbiqi istiqamətində dəyişiklik təklif edilir.