Hibrid avtomobillərin ölkə ərazisində istehsalı və satışı üç il ərzində ƏDV-dən azad ediləcək

2021.11.03 12:34 (UTC+04:00)

Hibrid avtomobillərin ölkə ərazisində istehsalı və satışı üç il ərzində Əlavə Dəyər Vergisindən azad ediləcək.

Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 3-də keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, iri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləğinin artırılması təklif edilir. Bununla yanaşı, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq.

Nəzərdə tutulan dəyişikliyə görə, yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV azad olunacaq. Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək. Belə ki, Məcəllənin 164.1.41-ci maddəsinə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi azad ediləcək.