İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərində sanitar-gigiyena və karantin rejiminin tələblərinə əməl olunması istiqamətində monitorinqləri davam etdirir. Monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskadan istifadə etməsi və sosial məsafənin gözlənilməsi, sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən işçilərin tibbi maska ilə təmin olunması ilə bağlı qoyulan tələblərə əməl edilməsi vəziyyəti yoxlanılır.
Bu günədək 10.480 ticarət obyektində monitorinqlər aparılıb və 1.404 halda pozuntulara yol verildiyi aşkar edilib. Monitorinqlər zamanı 351 nəfərin obyektlərə qoruyucu maskasız daxil olduğu, 1.053 halda isə ticarət obyektlərinin işçilərinin maskadan istifadə etmədiyi müəyyənləşdirilib. Mövcud tələblərə əməl edilməməsi halları inzibati xəta kimi qiymətləndirilərək, İnzibati Xətalar Məcəlləsinə əsasən, qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq olunub.
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, karantin dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə - vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər isə 600 manat məbləğində cərimə edilir. Bir il ərzində bu pozuntunun təkrar yol verilməsinə görə vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər isə 1200 manat məbləğində cərimə edilir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha sahibkarların nəzərinə çatdırır ki, karantin qaydalarına tam əməl edilməli, işçilər qoruyucu maska ilə təmin olunmalı, vətəndaşların ticarət obyektlərinə maskasız daxil olmasına yol verilməməli, maskası olmayan şəxslərə girişdə maska təqdim edilməlidir. Sahibkarlıq subyektləri həmçinin təsərrüfat obyektlərinin ərazisindəki müştərilər arasında sosial məsafənin qorunmasına, o cümlədən kassaların qarşısındakı insanlar arasında 1,5-2 metrlik ara məsafəsinə əməl olunmasına ciddi nəzarət etməlidirlər.
Ticarət obyektlərində monitorinqlər mütəmadi qaydada davam etdiriləcək.