Vergi orqanlarına işə qəbul üzrə test imtahanı keçirilib

2019.03.30 15:50 (UTC+04:00)

Martın 30-da Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarında işə qəbulla bağlı sayca 15-ci test imtahanı keçirib.

Vergilər Nazirliyi qarşısında duran vəzifələrin daha səmərəli şəkildə icra edilməsi üçün vergi orqanlarının kadr potensialının gücləndirilməsi və ondan səmərəli istifadə edilməsini insan resursları siyasətinin prioritet istiqaməti kimi qəbul edib. İnsan resurslarının inkişafına yatırılan investisiyanın yüksək səviyyədə geriyə dönüşünün təmin edilməsi, eləcə də geniş potensiala malik gənclərin vergi xidmətinə işə cəlb edilməsi bu sahədə həyata keçirilən siyasətin əsas məqsədlərindən biridir. Bu baxımdan vergi orqanlarının spesifik tələbləri və kadrların fərdi göstəricilərinin də nəzərə alınması ilə keçirilən işə qəbulla bağlı test imtahanları xüsusi əhəmiyyət daşıyır.

Məlum olduğu kimi, dövlət vergi orqanlarına işə qəbul üzrə növbəti müsabiqə 2019-cu ilin yanvarında elan edilib. Müsabiqə üzrə ilkin sənəd qəbulu yanvar ayının 31-dən mart ayının 10-dək aparılıb. Müsabiqədə iştirakla bağlı 1682 nəfər vətəndaş müraciət edib, onlardan vakant vəzifələrin tələblərinə uyğun olan 1544 nəfər namizəd qismində müsabiqədə iştiraka buraxılıb. Namizədlərdən 132 nəfəri hüquqşünaslıq, 1412 nəfəri isə iqtisadiyyat və digər ixtisas istiqamətlərini əhatə edir.

İmtahanda namizədə qanunvericilik və ixtisas üzrə 80 və məntiqi təfəkkürün müəyyən edilməsi üçün 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. İmtahan 3 sааt dаvаm edib. İmtаhаn nəticəsində 70 və dаhа аrtıq test tapşırığına düzgün cavab verən nаmizədlər növbəti mərhələyə – müsahibəyə buraxılacaqlar. İmtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin internet saytı vasitəsi ilə ictimaiyyətə elan ediləcək.