Azərbaycanda startap layihələri əsasən təhsil, elektron ticarət və sosial şəbəkələr üzrə təklif olunur

2021.11.01 13:15 (UTC+04:00)

“EnterpriseAzerbaijan.com” portalının təşəbbüsü ilə İnkişaf və sahibkarlıq üzrə beynəlxalq konsultant, Malayziya əsilli Fadzilah Ahmad Din tərəfindən “Startaplarda bacarıqların artırılması” mövzusunda vebinar keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, vebinarda Azərbaycanda startap sektorunun daha çox dövlət dəstəyi hesabına inkişaf etdiyi qeyd edilib, yerli investorların belə layihələrə marağının hələ də yüksək olmadığı təəssüflə diqqətə çatdırılıb.

“Sahibkarlığın inkişafı sahəsində ekosistem yanaşması həm qlobal səviyyədə, həm də ayrı-ayrı regionlarda tətbiq oluna bilər. Həmçinin yeni şərtlər çərçivəsində bu gün Azərbaycanda startap layihələri əsasən təhsil (onlayn kurslar), elektron ticarət və sosial şəbəkələr üzrə təklif olunur və bunlar ən çox resurs tələb edən layihələrdir. Lakin onların həyata keçirilməsi üçün xüsusi maliyyə tələb olunmur və uğur ilk növbədə komandanın düzgün seçilməsindən asılıdır”, - deyə beynəlxalq konsultant deyib.

Xatırladaq ki, “www.enterpriseazerbaijan.com” portalı Prezident İlham Əliyevin “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 sentyabr tarixli Sərəncamı əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılıb.

“www.enterpriseazerbaijan.com” internet portalının məqsədi Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması üçün ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirmək, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli imkan yaratmaqdır.