Xarici ticarət və ticarət tarifləri İşçi qrupunun “2021-ci il üzrə Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda iclası keçirilib

2021.11.01 11:48 (UTC+04:00)

Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Xarici ticarət və ticarət tarifləri üzrə İşçi qrupunun oktyabrın 29-da video-konfrans formatında iclası keçirilib.

İclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası çərçivəsində cari ilin yanvar-oktyabr ayları ərzində görülmüş işlər, ölkəmizin ixrac-idxal əməliyyatlarının asanlaşdırılması, xarici ticarət qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

2022-ci il üçün Fəaliyyət Planının layihəsinin hazırlanması məqsədilə İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən verilmiş təkliflər müzakirə edilib, müvafiq dəqiqləşdirmələr aparıldıqdan sonra növbəti ilin Fəaliyyət Planının tərtib edilməsi tövsiyə edilib.

İclasda aidiyyəti dövlət orqanlarının, palataların və digər qurumların məsul şəxsləri iştirak edib.

İclas zamanı həmçinin, Azərbaycanda yerli və xarici investorlar üçün yaradılmış əlverişli biznes mühiti haqqında təqdimatlar olub, görüləcək işlərlə bağlı müzakirələr aparılıb.