"Startap" layihələrinə vergi güzəşti müəyyənləşdirilib

2018.12.05 12:15 (UTC+04:00)

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizdən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən meyarlara cavab verən təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2019-cu il 1 yanvar tarixindən 10 il müddətinə vergidən azad olunur.

Xatırladaq ki, bu güzəşt yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir. Başqa sözlə, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsinə ayrılan sponsorluq vəsaitləri vergidən azad edilib. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, vergi ödəyicisinin azı üç il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi, mikrosahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azad olunanlar siyahısına əlavə olunur. Bundan başqa, Kiçik Orta Biznes (KOB) klaster şirkətinin mənfəəti - KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən yeddi il müddətinə, KOB klasterin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi yeddi il müddətinə vergidən azad ediləcək.

E.SALAHOV