Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisinin rəhbəri Burak Dağlıoğlu ilə görüşüb.
KOBİA-dan bildirilib ki, Burak Dağlıoğlu sammitin Azərbaycana birbaşa xarici investisiyaların cəlb olunması, ölkənin əlverişli biznes mühiti barədə investorların məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb. Orxan Məmmədov qurumlar arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Görüşdə 2020-ci ilin dekabrında KOBİA və İnvestisiya Ofisi arasında imzalanmış anlaşma memorandumu çərçivəsində əməkdaşlıq istiqamətlərinə, eləcə də Azərbaycan biznesinə investisiya qoyuluşunun genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.