Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itirənlərin vergi mükəlləfiyyəti

2019.03.30 17:10 (UTC+04:00)

Birinci məsələ odur ki, 2019-cu il yanvarın 1-dən etibarən sadələşdirilmiş vergi ödəyicisi hüququnu itirən vergi ödəyiciləri gəlir və ya mənfəət vergisi ödəyicisi kimi qeydiyyata alınmaq üçün hansı prosedurlar həyata keçirməlidirlər? 1 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirən vergi ödəyiciləri öz vergi öhdəliklərini yerinə yetirmək məqsədilə vergitutma metodu olaraq gəlir (mənfəət) vergisini seçmək üçün vergi orqanına standart ərizə formasında müraciət etməlidirlər.

İkinci məsələ vergi ödəyicisinin hansı halda sadələşdirilmiş vergi hüququnu itirməsi ilə bağlıdır. Misal üçün, tutaq ki, əhaliyə xidmət göstərən vergi ödəyicisi (məsələn, avtomobil təmiri ilə məşğul olan sahibkar) vergi ödəyicisinə xidmət göstərməyə başladığı zaman onun gəlir və ya mənfəət vergisi ödəyicisi olmaq mükəlləfiyyəti yaranır. 2019-cu ilin mart ayının 30-da həmin vergi ödəyicisi ilə müqavilə imzalanıb, 31 mart tarixində ödəniş qəbul olunub və 2 aprel tarixində elektron qaimə-faktura təqdim edilib. Bu halda vergi ödəyicisi nə zamandan gəlir və ya mənfəət vergisi ödəyicisi hesab olunur? Bu sualın cavabı belədir ki, hüquqi şəxs və ya fərdi sahibkar vergi ödəyicisinə xidmətlərin göstərilməsini həyata keçirməyə başladığı gündən sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itirir və həmin tarixdən müvafiq olaraq mənfəət və ya gəlir vergisinin ödəyicisi kimi qeydiyyata düşmək üçün vergi orqanına müraciət edir. Bu zaman onun mənfəət və ya gəlir vergisi mükəlləfiyyəti vergi ödəyicisinə xidmətlərin göstərilməsini həyata keçirməyə başladığı gündən aktivləşdirilir.

1 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş vergi ödəyicisi olmaq
hüququnu itirən vergi ödəyiciləri öz vergi öhdəliklərini yerinə yetirmək
məqsədilə vergitutma metodu olaraq gəlir (mənfəət) vergisini seçmək üçün
vergi orqanına standart ərizə formasında müraciət etməlidirlər.

Daha bir məsələ: xidmət sahəsində fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyicisi hüququnu itirən vergi ödəyicisi sonrakı fəaliyyətində yenidən həmin mükəlləfiyyətə qayıda bilərmi? Fərz edək ki, birinci rüb ərzində vergi ödəyicisinə xidmət göstərdiyi üçün sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itirən vergi ödəyicisi ikinci rüb ərzində heç bir vergi ödəyicisi ilə fəaliyyəti olmadığından, yenidən sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu bərpa etmək istəyir. Vergi Məcəlləsinin 218.2-ci maddəsinin müddəalarına əsasən, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq müvafiq bəyannaməni və ya həmin Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Məcəllədə başqa hallar nəzərdə tutulmayıbsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd olunmuş metodu tətbiq edir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI