Oktyabrın 26-da “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin inzibati binasında İqtisadiyyat Nazirliyinin şəhid əməkdaşı Asəf Nəsibovun anım günü keçirilib, xatirə lövhəsinin açılışı olub.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov 44 günlük Vətən müharibəsində qazanılan Qələbə nəticəsində torpaqlarımızın düşmən tapdağından azad edildiyini, bu böyük Zəfəri xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusunun bəxş etdiyini vurğulayıb. Qeyd edilib ki, 27 sentyabr tarixində başlanan Vətən müharibəsində xalqımız Ali Baş Komandanın ətrafında daha sıx birləşdi. Yüksək vətənpərvərlik ruhuna malik on minlərlə Azərbaycan gənci cəbhəyə könüllü getmək üçün müraciət etdi. Yaşından, peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad olunması üçün əlindən gələni etdi. İqtisadiyyat Nazirliyinin 141 əməkdaşı da Vətən müharibəsində iştirak edib, həmkarımız Asəf Nəsibov şəhidlik zirvəsinə ucalıb.
Asəf Nəsibov Vətən müharibəsinin könüllü iştirakçısı olub, Cəbrayıl, Qubadlı, Laçın rayonlarının işğaldan azad edilməsində qəhrəmancasına vuruşub və Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə göstərdiyi igidlik və şücaətə görə Asəf Nəsibov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Şəhid Asəf Nəsibovun atası Səfəralı Nəsibov şəhidlərin heç vaxt unudulmadığını, şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunduğunu bildirib, qəhrəmanlarımızın qürur yerimiz olduğunu vurğulayıb.
Anım tədbirində şəhid Asəf Nəsibovun xatirəsinə həsr edilmiş “Vaxtsız solan ömür” qısametrajlı filmi nümayiş olunub.