Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub

2021.10.26 18:40 (UTC+04:00)

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə nümayəndə heyəti Azərbaycan Prezidentinə, Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.