Kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin hesablanması

2021.10.28 10:08 (UTC+04:00)

Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə pərakəndə ticarətlə məşğul olan şəxslərin əlavə dəyər vergisi ilə bağlı öhdəliklərinə aydınlıq gətirib:
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarını satış edən zaman Vergi Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun olaraq uçotu ayrıca aparıldıqda əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Ticarət əlavəsi Məcəllənin 13.2.64-cü maddəsinə əsasən, malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqdir.
Misal 1: ƏDV ödəyicisi olan ticarət müəssisəsi dövr ərzində alış dəyəri 5,000 manat olan kənd təsərrüfatı məhsullarını kəndlilərdən alaraq onları öz mağazasında 6,500 manata satıb. Həmin malların uçotunu ayrıca aparıb. Bu halda onun ƏDV-si belə hesablanır:
6,500 – 5,000 = 1,500 manat
1,500 x 18% = 270 manat.
Vergi Məcəlləsinin 174.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq olunmuş ticarət əlavəsindən ƏDV hesablayan pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri həmin malların uçotunu ayrıca aparır. Belə uçot aparılmadıqda, bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq həmin malların pərakəndə satışı zamanı ƏDV ümumi dövriyyədən hesablanır.
Misal 2: ƏDV ödəyicisi olan ticarət müəssisəsi dövr ərzində alış dəyəri 10 000 manat olan kənd təsərrüfatı məhsullarını kəndlilərdən alaraq onları öz mağazasında 14 000 manata satıb. Bu halda, ƏDV belə hesablanır:
14 000 x 18% = 2 520 manat.
Göründüyü kimi, yalnız uçotu ayrıca aparıldıqda satılan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanır.