Vergi Məcəlləsinə dəyişikliklər iqtisadi inkişafı stimullaşdıracaq

2018.12.04 11:48 (UTC+04:00)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun "Vergilər" qəzetinə müsahibəsi

- Aydın müəlim, Milli Məclisdə qəbul edilmiş 2019-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsini iqtisadi-sosial göstəricilərinə görə necə səciyyələndirmək olar?

- Dövlət büdcəsi layihəsi iqtisadi inkişaf proqnozlarına uyğun olaraq hazırlanır və ölkəmizdə həyata keçirilən iqtisadi-sosial siyasətin, iqtisadi proseslərin və inkişafın göstəricisi kimi mühüm yer tutur. Azərbaycan hökumətinin iqtisadi qurumlarının və beynəlxalq təşkilatların proqnozlarına əsasən, 2019-cu ildə ümumi daxili məhsulda 3,6 faiz, qeyri-neft sektorunda isə 3,9 faiz real artım gözlənilir. Bu baxımdan, 2019-cu ilin dövlət büdcəsi layihəsi Azərbaycanda proqnozlaşdırılan iqtisadi artım tempinə uyğun tərtib edilib. Layihənin hazırlanmasında dövlət büdcəsinin sosial yönümlü olması əsas götürülüb, qeyri-neft sektorunun inkişafına dəstək verilməsi, dövlətin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi amillərinə diqqət yetirilib.

Büdcənin gəlir və xərclərində əvvəlki illə müqayisədə əhəmiyyətli artım templəri nəzərdə tutulub. Qarşıdakı ilin dövlət büdcəsinin gəlirləri 22,9 milyard manat olmaqla cari ilin büdcə gəlirləri ilə müqayisədə 3,5 faiz artımla tərtib edilib. Büdcənin xərcləri isə 7,3 faiz artımla proqnozlaşdırılaraq 24,7 milyard manata çatdırılıb. Dövlət büdcəsinin əsas iqtisadi-sosial məzmunu ölkədə iqtisadi fəallığa təkan vermək, sosial rifahı artırmaq üçün maliyyə stimullaşmasını həyata keçirmək, infrastrukturun maliyyə təminatlılığını gücləndirmək, eləcə də dövlətin ümumi investisiya siyasətinin əhatəliliyini təmin etmək üçün sərmayələri artırmaqdır. Növbəti ilin büdcəsi ölkəmizdə aparılan iqtisadi islahatların dərinləşməsinə, iqtisadi siyasətin prioritet istiqamətlərinin daha real şəkildə həyata keçirilməsinə və əhalinin sosial problemlərinin həllinə imkan verəcək.

- Büdcənin gəlirlərinin əsas mənbələri hansılardır?

- Gələn ilin büdcə gəlirlərinin formalaşmasında əsas mənbələri Dövlət Neft Fondundan transfertlər, vergi və gömrük daxilolmaları təşkil edir. Dövlət Neft Fondundan büdcəyə transfertlər 11 milyard 364 milyon manat vəsait transfer ediləcək. Vergilər Nazirliyi tərəfindən büdcəyə 7 milyard 316 milyon manat vəsait ödənişi nəzərdə tutulub ki, bu da büdcə gəlirlərinin formalaşmasında Vergilər Nazirliyinin ikinci əsas mənbə olduğunu göstərir. Dövlət Gömrük Komitəsinin daxilolmalar isə 3 milyard 451 milyon manat nəzərdə tutulub. Büdcə gəlirlərinin strukturuna diqqət yetirsək, gəlirlərin 9,2 milyard manatının qeyri-neft sektorunun payına düşdüyünü görmək olar. Qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmaların payı 400 milyon manat artacaq ki, bu da 2018-ci illə müqayisədə 4,7 faiz çoxdur.

Vergi Məcəlləsinə iqtisadi inkişafı stimullaşdıran və
iqtisadiyyatda şəffaflığın artmasını təmin edən çox mühüm dəyişikliklər qəbul olundu

- Büdcənin əsas xərc istiqamətləri hansılardır?

- Büdcə xərclərinin əsas sahələri istehsal, investisiya qoyuluşları, infrastruktur təminatının yaxşılaşdırılması, sahibkarlığın stimullaşdırılması, neft sektorunda investisiya təyinatlı yeni layihələrə əlavə sərmayələrin yönəldilməsi, sosial sahəyə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, insanların sosial həyat şəraitinin yaxşılaşdırılması məqsədilə sosial məzmunlu layihələrə maliyyə təminatının artırılması ilə bağlıdır. Xərclər bölməsində bütün istiqamətlərdə artımlar nəzərdə tutulub. Sosial yönümlü xərclər 7 milyard 900,9 milyon manat olacaq ki, bu da hazırkı büdcə ilinə nisbətən 11,2 faiz çoxdur. Sosial ipoteka və mənzil təminatının genişləndirilməsi istiqamətində 162 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Gələn il səhiyyəyə 1 milyard 48 milyon, təhsilə 2 milyard 274 milyon, elm sahəsinə 133,5 milyon manat vəsait ayrılacaq. Hökumət iqtisadi inkişafı sürətləndirmək və qeyri-neft sahələrini stimullaşdırmaq üçün sahibkarlığa dövlət dəstəyini gücləndirəcək. Təkcə aqrar sektora 834 milyon manat vəsait ayrılıb ki, bu da kənd təsərrüfatı sektorunda indiyə qədər ən böyük maliyyə dəstəyidir. Yeri gəlmişkən, büdcə layihəsinə sonuncu oxunuşda əlavələr olundu və dövlət büdcəsinin xərcləri 610 milyon manat artırıldı. Həmin xərclərin strukturunda əsas etibarilə sosial xarakterli proqramların maliyyələşdirilməsinin prioritet seçilməsi müsbət haldır. Vəsaitlərin 200 milyon manatının qaçqın və məcburi köçkünlərin həyat şəraitinin, mənzillə təminatının yaxşılaşdırılmasına yönəldilməsi dövlətin yüksək diqqətinin təzahürüdür. Bundan başqa, regionlarda məşğulluq üçün əlavə olaraq 80 milyon manatın ayrılması da bölgələrdə iş yerlərinin yaranmasına stimul verəcək. Gələn ilin büdcə layihəsində 2019-2020-ci illərdə dövlət hesabına ali təhsil alanlar və digər təhsil xərcləri üçün əlavə 11 milyon manatın ayrılması nəzərdə tutulub.

- Büdcə xərclərinin böyük bir hissəsinin infrastruktur və tikinti xərclərinə yönəldilməsi müzakirələrdə müxtəlif fikir ayrılıqlarına səbəb oldu. Həmin sahələrə bu həcmdə maliyyənin yönəldilməsi zəruridirmi?

- İnfrastruktur və tikinti iqtisadiyyatın real sektorunu əhatə edir və əlavə dəyərin yaradılmasında, məşğulluğun təmin edilməsində onların xüsusi payı var. İnşaat sektorunun inkişafı, ilk növbədə, iqtisadiyyata yatırılan sərmayə deməkdir. Bu sektorun inkişafı nəticəsində tikinti materialları bazarında canlanma yaranır. Bu baxımdan, 2019-cu ildə tikinti sektoruna dövlət investisiyalarının həcminin artması iqtisadi və sosial sahələrə yeni nəfəs verəcək. Bu siyasət mənzil sektoruna da böyük təsir göstərəcək, ümumi yaşayış sahəsi fondunu artırmaqla əmlak bazarında tələbin yumşalmasına və təklif edilən mənzillərin qiymətlərinin azalmasına səbəb olacaq. Xüsusilə də dövlətin sosial layihələrinin (Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi) və digər bu tipli layihələrin miqyası da artacaq.

- Büdcədə neftin bir barelinin satış qiymətinin 60 dollardan hesablanması risklər yarada bilərmi?

- Dövlət büdcəsi layihəsi dünyada gedən qlobal maliyyə-iqtisadi proseslər nəzərə alınmaqla tərtib edilib. Təbii ki, dünya bazarlarında neftin qiyməti ilə bağlı müşahidə olunan müəyyən sabitləşmə və artım proseslərinin ölkə iqtisadiyyatına müsbət təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri nəzərdən qaçılmazdır. Ancaq Azərbaycan iqtisadiyyatında neftlə yanaşı, digər sahələrin dinamik inkişafı xarici riskləri azaltmağa imkan verir. Son 2 ildə iqtisadi artımın qeyri-neft sektorunun hesabına bərpa olunması, həm ixracın (xüsusilə də qeyri-neft ixracının) artması, həm də valyuta rezervlərinin artımı ölkəmizin güclü maliyyə ehtiyatlarının formalaşmasını təmin edib. Hazırda ölkəmizin tədiyyə balansının cari vəziyyəti, müsbət saldo manata təzyiqləri heçə endirir. 2019-cu ilin büdcə gəlirlərinin 9,2 milyard manatı qeyri-neft sektorunun payına düşür və bu əvvəlki illə müqayisədə 400 milyon manat artıqdır. Yəni gələn proqnozlaşdırılan ÜDM-in, ixracın və xarici investisiyaların gözlənilən artımı makroiqtisadi sabitlik və tədiyyə balansı fonunda güclü "təhlükəsizlik yastığı" yaradır və büdcədə nəzərdə tutulmuş bütün hədəfləri reallaşdırmağa imkan verir.

- 2019-cu ilin büdcə vəsaitlərinə nəzarətlə bağlı yeni yanaşma müəyyən edilib. Bu siyasətin əsas fəlsəfəsi nədən ibarətdir?

- Büdcə sistemi haqqında qanunun tələblərinə uyğun olaraq 2019-cu ildən ilk dəfə olaraq büdcə siyasətində xarici mənşəli makroiqtisadi təhdidlərin ölkə iqtisadiyyatına sirayət etməsinin qarşısının alınması monetar və fiskal siyasətin əsas prioritetlərindən biri kimi nəzərə alınıb.

Hesab edirəm ki, qeyri-neft özəl sektor üzrə 7 il müddətinə vergi güzəştlərinin
tətbiqi işəgötürənlərin əmək xərclərini azaltmaqla, qeyri-rəsmi məşğulluğun və
əməkhaqqının leqallaşdırılmasına, əmək müqavilələri ilə
çalışan muzdlu işçi sayının artırılmasına imkan verəcək

Gələn ilin və növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun olaraq tənzimlənəcək. Yeni qaydalara əsasən, neft qiymətlərinin qalxıb-enməsi zamanı dövlət xərclərinin prosiklikliyinin qaldırılması və dayanıqlı olması əsas şərtlərdən biri kimi müəyyən olunub. Yeni büdcə qaydalarına uyğun olaraq, büdcə vəsaitlərinin istifadəsinin səmərəliliyi ilə bağlı yeni mexanizmlər nəzərdə tutulur. Bunlar, əsasən, büdcənin sabitliyi və uzunmüddətli dayanıqlılığının təmin edilməsi, şəffaflığın, ortamüddətli maliyyə proqnozlaşdırılmasının effektivliyinin və səmərəliliyinin, maliyyə nəzarətinin və monitorinqinin tətbiq edilməsidir. Yeni büdcə qaydasının tətbiqi ilə əlaqədar yeni ildən büdcə xərclərinə müəyyən məhdudiyyətin qoyulması nəzərdə tutulur ki, bu da büdcənin dayanıqlılığına xidmət edir.

- Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi də qəbul olundu. Yeni dəyişiklikləri necə qiymətləndirərdiniz?

- Hazırda vergi sistemində geniş və dərin islahatlar davam etdirilir. Bu, parlamentdə büdcə müzakirələri zamanı çox aydın şəkildə nəzərə çarpdı. Vergi Məcəlləsinə iqtisadi inkişafı stimullaşdıran və iqtisadiyyatda şəffaflığın artmasını təmin edən çox mühüm dəyişikliklər qəbul olundu. Həmin dəyişikliklərin ən mühüm istiqamətlərindən biri kimi qeyri-dövlət neft sektoruna və sahibkarlığa verilən güzəştlərin xüsusi əhəmiyyəti vardır. İndiyə qədər biznes sektoru tərəfindən ən çox təklif edilən məsələlərdən biri sosial sığorta vergisinin yüksək olması ilə bağlı idi. Müəssisə və təşkilatlar, biznes sektorunun nümayəndələri, ümumiyyətlə işəgötürənlər belə bir arqument gətirirlər ki, sosial vergi yükünün çox olması işçilərlə əmək müqaviləsi bağlamağa mane olur. Bu isə qeyri-leqal əmək bazarının yaranmasına, kölgə iqtisadiyyatının genişlənməsinə şərait yaradır. Həmin sahədə ciddi nizam-intizamın yaradılması, iş yerlərində əmək münasibətlərinin tənzimlənməsi və rəsmiləşdirmənin stimullaşdırılması, qeyri-rəsmi əmək münasibətlərinin daha çox yayıldığı qeyri-neft özəl sektorda işəgötürənlərin işçi qüvvəsi üzrə xərclərinin əhəmiyyətli azaldılması məqsədilə çox ciddi, inqilabi vergi islahatları aparılıb. Özəl sektorun təmsilçilərinə çox böyük vergi güzəştləri olunub. Hesab edirəm ki, qeyri-neft özəl sektor üzrə 7 il müddətinə vergi güzəştlərinin tətbiqi işəgötürənlərin əmək xərclərini azaltmaqla, qeyri-rəsmi məşğulluğun və əməkhaqqının leqallaşdırılmasına, əmək müqavilələri ilə çalışan muzdlu işçi sayının artırılmasına imkan verəcək. İslahat nəticəsində iqtisadiyyatın bütün sektorlarında, xüsusilə qeyri-neft sektorunda işəgötürənlərin əmək xərcləri əhəmiyyətli şəkildə azalacaq ki, bu da özəl sektorun rəqabət qabiliyyətinin artırılmasına və iqtisadi artımın stimullaşdırılmasına xidmət edəcək.

Vergi sahəsində ən mühüm yeniliklərdən biri gələn ildən kiçik və orta sahibkarlara əlavə güzəştlərin tətbiqidir. Xüsusilə də kənd təsərrüfatı mülkiyyətçilərinin sənaye klasterlərində təmsil olunan biznesin vergilərdən azad olunması həmin sahələrə investorların cəlb olunmasına, yeni iş yerlərinin yaradılmasına və rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının və ixracının güclənməsinə imkan verəcək.

Nağdsız əməliyyatlar zamanı istehlakçılardan tutulmuş ƏDV-nin bir hissəsinin geri qaytarılması bu sahə üçün stimullaşdırıcı təsir yaradacaq.

Vergi sahəsində başlanmış yeni islahatlar kursu indiyə qədər yaranmış problemlərin köklü həllinə, vergi inzibatçılığının ən müasir formada təşkilinə imkan verəcək. Vergi orqanları ilə sahibkarlar arasında münasibətlərin yeni müstəvidə qurulması vergi inzibatçılığının təkmilləşdirilməsinə xidmət edəcək.

Elbrus CƏFƏRLİ