İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin tətbiqi genişləndirilir. Bu xidmətlərin səmərəli təşkili vergi orqanlarına müraciət edən sahibkarların xidmətlərdən məmnunluğunun artırılmasına gətirir.
Elektron xidmətlərin təkmilləşdirilməsinin daha bir istiqaməti vergi ödəyicilərinin vaxt itkisinin qarşısının alınması və vergi orqanlarının iş həcminin azaldılmasıdır. Belə layihələrdən biri də Dövlət Vergi Xidməti tərəfindən elektron imza infrastrukturunun yaradılmasında və istifadəsində tətbiq edilmiş mütərəqqi təcrübədir. Hazırda bu proseslə bağlı qabaqcıl ölkələrin təcrübələrinin öyrənilməsi, yeni həllər və texnologiyalar əsasında təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Nəticə etibarilə artıq vergi ödəyicilərinə xidmət mərkəzlərində qəbul olunan ərizə və digər sənəd formalarının rəqəmsal əl imzası avadanlıqları vasitəsilə təsdiq edilməsinə başlanılıb.
Rəqəmsal əl imzası avadanlıqlarının tətbiqi zamanı sənədlər PDF faylda tərtib olunaraq imzalanmalıdır. Bu avadanlıqların tətbiqi müraciət etmiş şəxslər tərəfindən kağız formasında ərizə və arayış formalarının tərtib edilməsi, bazada mövcud olan məlumatların kağız formasında tərtib olunacaq ərizə və arayış formasına təkrarən daxil edilməsi, tərtib olunmuş kağız daşıyıcıda olan sənədlərin skan edilməsi kimi bir sıra zərurətləri aradan qaldırır. Tətbiq edilmiş yenilik vergi ödəyicilərinə göstərilən xidmətlərə sərf olunan vaxtın, habelə insan və maliyyə resurslarının azaldılmasına, daha çox vergi ödəyicisinə xidmət edilməsinə imkan yaradıb, eləcə də kağız daşıyıcıda aparılan sənəd dövriyyəsini əhəmiyyətli şəkildə azaltmaqla ətraf mühitin mühafizəsinə töhfə verib.
Vergi ödəyicilərinin vaxt və resurslarına qənaət edilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində Dövlət Vergi Xidməti tərəfindən innovativ həllərin və rəqəmsal prioritetlərin tətbiqi ilə yeni layihələrin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək.