Zəngilan rayonu bölgənin logistik habına çevriləcək
2021.10.28 11:37 (UTC+04:00)
5 qəsəbə və 79 kəndə sahib olan Zəngilan rayonu Azərbaycanın cənub-qərbində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Rayonun iqtisadi potensialı barədə fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov füsunkar təbiəti ilə seçilən Zəngilanda turizmin inkişafının əhəmiyyətli rol oynayacağını vurğulayıb. Bununla yanaşı, rayonun təbii ehtiyatların çoxluğuna görə fərqləndiyini də qeyd edib:
“Belə ki, rayonun Vejnəli kəndində 6,5 ton qızıl ehtiyatı mövcuddur. Güman olunur ki, müasir texnologiya ilə qiymətləndirmə aparılan zaman daha çox ehtiyatların aşkarlanması mümkün olacaq. Vejnəli yatağı eyni zamanda filiz, gümüş, mis ehtiyatları üzrə də məşhurdur”.
V.Bayramov Zəngilan rayonunun iqtisadi inkişafına dəstək göstərəcək digər amil kimi Zəngəzur dəhlizinin, yeni nəqliyyat xətlərinin istifadəsi olacağını qeyd edib. Bunun da rayonu bölgənin logistik habına çevirəcəyini vurğulayıb:
“Horadiz ilə Zəngilanı birləşdirəcək dəmir və avtomobil yollarının inşaatı sürətlə davam etdirilir. Zəngilana gedən zaman yolboyu texnika və avadanlıqların intensiv işləməsinin şahidi olmaq mümkündür. Eyni zamanda, Zəngilanda inşa ediləcək Beynəlxalq Hava Limanı inşaatı ilə bağlı da işlər sürətlənir. Uzun illər işğal altında qalan torpaqlarımız bərpa edilir və yenidən qurulur. Tezliklə bu yerlərə həyat yenidən qayıdacaq”.