BMT və Azərbaycan korporativ məsuliyyəti və dayanıqlı biznesi təşviq etmək üçün anlaşma memorandumu imzalayıb

2021.10.22 11:30 (UTC+04:00)

BMT-nin Azərbaycandakı ofisi oktyabrın 21-də Sahibkarlığın İnkişafı Fondu (SİF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə BMT-nin qlobal sazişi vasitəsilə korporativ dayanıqlığı təşviq etmək üçün anlaşma memorandumu imzalayıb.

Sənədi BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreeva, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və SİF-in İdarə Heyətinin sədr əvəzi Osman Xaliyev imzalayıblar. Memorandumun məqsədi Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli hədəflərlə uyğunlaşdırılmış beş sosial-iqtisadi inkişaf prioritetinə nail olmaq üçün cəmiyyət, biznes və dövlət arasında münasibətləri gücləndirmək, COVID-19 pandemiyasından bərpa prosesi zamanı möhkəm biznes modelləri qurmaq, habelə beynəlxalq bazarlara çıxmaq və rəqabət qabiliyyətlərini artırmaq üçün yerli şirkətlərə kömək etməkdən ibarətdir.

Tərəflər, həmçinin BMT-nin Qlobal Sazişinin əmək, insan hüquqları, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizəyə dair on prinsipini SİF və KOBİA-nın maliyyə alətləri və proseslərinə inteqrasiya etmək üçün birgə tədbirlər görəcəklər.