Sahibkarların yerli məhsul ixracı asanlaşdırılıb

2021.10.21 17:29 (UTC+04:00)

Sahibkarların yerli məhsul ixracı asanlaşdırılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, Mərkəzin innovativ layihəsi olan “Azexport.az” portalı “Made in Azerbaijan” məhsullarına növbəti sərbəst satış sertifikatlarını təqdim edib. Sertifikatlar Azərbaycanda istehsal olunan 25 növdə meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün nəzərdə tutulub. Təqdim olunan sertifikatlar İndoneziya, İordaniya və İraqa bu kateqoriyadan olan məhsulların ixracında yaranan çətinliyi aradan qaldırıb.

Sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli müvafiq Fərmanına uyğun olaraq təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.

Qeyd edək ki, Azərbaycan, MDB məkanında sərbəst satış sertifikatı təqdim edən 3-cü ölkədir. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarına əvvəllər ixracında çətinlik yaranan 100-dən artıq Amerika Qitəsi, Asiya, Okeaniya və Körfəz ölkələrinin bazarlarını açıq edib.

Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar onlayn olaraq “www.dth.az” platforması vasitəsilə müraciət edə bilərlər.