Dünya Bankı Azərbaycanda yeni ölkə strategiyası hazırlayır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirilib ki, Mərkəzin Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova ilə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl arasında görüş keçirilib.
Görüşdə idarəetmənin təkmilləşdirilməsində monitorinq və qiymətləndirmənin rolu və Dünya Bankının Azərbaycanda milli monitorinq və qiymətləndirmə potensialının qurulmasına göstərdiyi dəstək müzakirə olunub.
V.Cəfərova Dünya Bankının ölkə menecerinə Azərbaycanda monitorinq və qiymətləndirmə potensialının qurulması, Strateji Yol Xəritələrinin monitorinq və qiymətləndirilmə metodologiyası və çərçivənin hazırlanmasında göstərdiyi dəstəyinə görə təşəkkür edib. “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydasının” ortamüddətli xərclər çərçivəsi və dövlət maliyyəsinin idarə edilməsini təkmilləşdirməklə dövlət xərclərinin idarə edilməsində fiskal intizamı artırdığı qeyd olunub.
Sara Maykl monitorinq və qiymətləndirmə hesabatlarının hazırlanması və nəşr edilməsində, eləcə də dövlət proqramlarının nəticələrə əsaslanan monitorinq və qiymətləndirmə metodologiyası əsasında təhlili və bu sahədə dünyanın qabaqcıl sistemlərindən birinin qurulmasında İİTKM-in rolunu yüksək qiymətləndirib. Sara Maykl monitorinq və qiymətləndirmə sahəsində dünyanın aparıcı qurumları və şəbəkələri ilə İİTKM arasında əməkdaşlığın qurulması və beynəlxalq qiymətləndirmə qurumlarına inteqrasiyası sahəsində dəstək verməkdə maraqlı olduğunu bildirib.
Eyni zamanda, Dünya Bankının Azərbaycandakı fəaliyyəti və hazırlanmaqda olan yeni ölkə strategiyası barədə məlumat verib. Yeni ölkə strategiyasında innovativ, rəqəmsal və bilik əsaslı iqtisadi inkişafa dəstək verəcək layihələrə və istiqamətlərə üstünlük veriləcəyini qeyd edib.
Sonda Dünya Bankına İİTKM-in beş illik yubileyinə dair icmal və Mərkəzin operator olduğu onlayn platformalar barədə materiallar təqdim olunub.