Doqquz ayda Azərbaycanın dövlət büdcəsinin icrasına dair məlumat açıqlanıb

2021.10.21 15:27 (UTC+04:00)

2021-ci ilin doqquz ayı ərzində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına (operativ) dair məlumat açıqlanıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, operativ məlumata əsasən 2021-ci ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 18 milyard 947,9 milyon manat təşkil etməklə, 17 milyard 711,9 milyon manat xərclərindən 1 milyard 236 milyon manat artıq olub.

Dövlət büdcəsinin gəlirləri 18 milyard 818,5 milyon manat proqnoza qarşı 17 milyard 871,6 milyon manat və ya 95 faiz icra olunub. Cari ilin doqquz ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard 354,4 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 1 milyard 66,7 milyon manat və ya 20,2 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 681,6 milyon manat və ya 12 faiz çoxdur. Həmin vəsaitin 73,9 faizi və yaxud 4692,8 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 442,8 milyon manat və ya 10,4 faiz çox olub.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 milyard 193,2 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 352,2 milyon manat və ya 12,4 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 238 milyon manat və ya 8,1 faiz çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin doqquz ayı ərzində mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabına Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən 7 milyard 309,7 milyon manat və ya proqnoza nisbətdə 1 milyard 840,3 milyon manat (20,1 faiz) az vəsait daxil olub.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 11,5 milyon manat vəsait daxil olmaqla proqnoza 140,2 faiz əməl edilib, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 3,4 milyon manat və ya 42 faiz çox olub.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 454,1 milyon manat vəsait daxil olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 80,2 milyon manat və ya 21,4 faiz çoxdur.

Sair daxilolmalar üzrə dövlət büdcəsinə 308,7 milyon manat vəsait daxil edilib ki, bu da proqnoza qarşı 162,1 milyon manat və ya 2,1 dəfə, 2020-ci il ilin eyni dövrü ilə müqayisədə isə 206,7 milyon manat və ya 3 dəfə çoxdur. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 240 milyon manat vəsait transfert olunub. Maliyyələşmə əməliyyatları üzrə 1 milyard 76,3 milyon manat vəsait cəlb edilib. Bunun 813,2 milyon manatı dövlət borclanması, 205 milyon manatı layihələrin maliyyələşməsi əsasında cəlb olunan kreditlər, 58,1 milyon manatı isə özəlləşmədən daxilolmalar hesabına təmin edilib.

2021-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 19 milyard 657,5 milyon manat proqnoza qarşı 17 milyard 711,9 milyon manat və ya 90,1 faiz icra edilib. Dövlət büdcəsi xərclərinin 11 milyard 476,4 milyon manatı və ya 64,8 faizi cari xərclərə, 4 milyard 722 milyon manatı və ya 26,7 faizi əsaslı xərclərə, 1 milyard 513,5 milyon manatı və ya 8,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Cari ilin doqquz ayında sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 43,2 faizini təşkil etməklə 7 milyard 655,2 milyon manat məbləğində icra olunub, ötən ilin eyni dövrü üzrə həmin xərc əməliyyatlarını 483,5 milyon manat və ya 6,7 faiz üstələyib.

2021-ci ilin doqquz ayı ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. Cari ilin doqquz ayında dövlət büdcəsində 159,7 milyon manat məbləğində profisit yaranıb.

Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 23 milyard 21,4 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyard 531,5 milyon manat və ya 31,6 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 19 milyard 458,3 milyon manat məbləğində icra olunub. 2021-ci il üzrə icmal büdcə 7 milyard 335,3 milyon manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, cari ilin doqquz ayında faktiki olaraq 3 milyard 563,1 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.