Agentin həyata keçirdiyi əməliyyatlar

2021.10.23 10:40 (UTC+04:00)

Çünki Vergi Məcəlləsinin 172.3-cü maddəsinə əsasən, yuxarıda göstərilən hal rezident olmayan və Azərbaycan Respublikasında ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçməmiş şəxsin rezident agentinin Azərbaycan Respublikasına mallar göndərməsinə tətbiq edilmir. Belə hallarda, ƏDV-nin məqsədləri üçün malların göndərilməsi agent tərəfindən həyata keçirilən əməliyyat sayılır.

Misal 1: Rezident "A" müəssisəsi (vəkalət verən) 10.000 (ƏDV-siz) manatlıq malını agent vasitəsilə "C" müəssisəsinə təqdim etmişdir. Bu əməliyyat "A" müəssisənin əməliyyatı hesab edilir və büdcəyə 1800 (10000*18%) manat ƏDV hesablamalıdır.

Misal 2: ƏDV qeydiyyatında olmayan qeyri-rezident (vəkalət verən) 5 000 (ƏDV-siz) manatlıq malını agent vasitəsilə "C" müəssisəsinə təqdim etmişdir. Vəkalət verən ƏDV qeydiyyatında olmayan qeyri-rezident şəxs olduğu üçün bu əməliyyat agentin həyata keçirdiyi əməliyyat hesab edilir və büdcəyə 900 (5000*18%) manat ƏDV hesablamalıdır.

Göründüyü kimi birinci misalda agentin büdcəyə ƏDV öhdəliyi yaranmadı, ancaq ikinci misalda agentin büdcəyə 900 manat ƏDV öhdəliyi yarandı.

Bəs agentin verdiyi elektron qaimə-faktura vəkalət verənə ƏDV-ni əvəzləşdirmək hüququ verirmi ?

Vergi Məcəlləsinin 172.4.3 maddəsinə görə, agent ƏDV üzrə vergi ödəyicisi olduqda, digər şəxsə (vəkalət verənə) göstərdiyi xidmətlərə görə elektron qaimə-faktura verir. Elektron qaimə-faktura ƏDV ödəyicisi olan digər şəxs (vəkalət verən) tərəfindən agentə ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququ verir.

Göründüyü kimi, vəkalət verən malın ƏDV-siz dəyərini agentin bank hesabına, ƏDV məbləğini isə depozit hesabına köçürməklə müvafiq elektron qaimə-faktura əsasında ƏDV-ni əvəzləşdirmək hüququna malikdir. Eyni zamanda, agent ƏDV ödəyicisi olduğuna görə vəkalət verənə göstərdiyi xidmətin müqabilində büdcə qarşısında ƏDV öhdəliyi yaranacaq. Bu halda agent üçün vergitutma bazası onun digər şəxslərə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə göstərdiyi xidmətlərin dəyəridir.

Misal: "A" rezident müəssisəsi (vəkalət verən) 10.000 (ƏDV-siz) manatlıq malını agent vasitəsilə "C" müəssisəsinə təqdim etmişdir. Agent "A" müəssisəsinə təqdim etdiyi elektron qaimə-fakturada xidmətinin dəyərini 2360 manat (ƏDV-360 manat) olduğunu göstərmişdir. Nəzərə alaq ki, "A" müəssisəsi xidmətin dəyərini nağdsız qaydada agentin bank hesabına, ƏDV məbləğini isə depozit hesabına köçürmüşdür. Hər iki şəxsin büdcə qarşısında ƏDV öhdəliyini müəyyən edək.

"A" müəssisənin (vəkalət verənin) büdcə qarşısında ƏDV öhdəliyi 3240 manat (10 000*18%-2000*18%). Agentin büdcə qarşısında ƏDV öhdəliyi isə 360 manat (2000*18%) olacaqdır.