Prezident İlham Əliyev Qətər Dövlətinin Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

2021.10.18 12:19 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri, Qətər-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri Məhəmməd bin Əbdülrəhman Al Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, qonaq Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Qətər arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Taninin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin və regional məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yaratdığı bildirildi. Eyni zamanda, Bakıda keçiriləcək birgə hökumətlərarası komissiyanın iclasının əhəmiyyətinə toxunularaq, iqtisadi və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı ticarətin həcminin artırılmasının vacibliyi vurğulandı. Qarşılıqlı investisiya, eyni zamanda, üçüncü ölkələrə investisiya qoyuluşu üçün böyük potensialın olduğu qeyd edilib.

Söhbət zamanı, həmçinin postpandemiya dövründə turizm sahəsində əməkdaşlığın perspektivləri də müzakirə olunub.